Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ildən ölkədə icbari tibbi sığorta sisteminin tətbiqindən müsbət nəticələr gözləyir.
“Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik”,- İ.Əliyev cümə günü mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə bildirib.
O, bir neçə şəhərdə bu sahədə pilot layihələrin uğurla icra edildiyiniqeyd edib.
“Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib”, - prezident vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, bunu çox yüksək qiymətləndirirlər. “Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək”, - İ.Əliyev deyib.
O vurğulayıb ki, bu islahatlar səhiyyə sahəsində çox ciddi dönüşə səbəb olacaq.
“Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur”, - prezident bəyan edib.
İ.Əliyev qeyd edib ki, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var
“Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun”, - dövlət başçısı deyib.
O qeyd edib ki, inşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, “On minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik”, - İ.Əliyev bildirib. **
R.Babayev