2018-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 17 mlrd. 614,1 mln. manat, xərcləri 11 mlrd. 455,6 mln. manat təşkil edib. Bu barədə fondun məlumatında deyilir.
“2018-ci ilin yekunları üzrə ARDNF-nin gəlirləri 17 mlrd. 614,1 mln. manat (artım 45,1% -İF), mənfəət nefti və qazının satışından daxilolmalar 16 mlrd. 645,6 mln. manat, tranzit gəlirləri 18,1 mln. manat, bonus ödənişləri 765,2 mln. manat, akr hesabı ödənişləri – 4,1 mln. manat təşkil edib”, - məlumatda qeyd olunur.
Hesabat dövrü ərzində fondun vəsaitlərinin idarə olunmasından 181,1 mln. manat gəlir əldə edilib.
“2018-ci ildə ARDNF-nin xərcləri 11 mlrd. 455,6 mln. manat (2017-ci illə müqayisədə artım 3,9% - İF). Ötən il ərzində xərclər strukturunda ən çox məbləğ – 10 mlrd. 959 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb”, - məlumatda qeyd olunur.
Hesabat dövrü ərzində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 mln. manat vəsait ayrılıb. 7,2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ildə fondun idarə edilməsi ilə bağlı xərcləri 23,3 mln. manat təşkil edib.
Bu dövrdə məzənnə fərqindən əldə olunan büdəcədənkənar gəlirlər 1 mlrd. 557,3 mln. manat məbləğində olub.
2018-ci il ərzində Fondun aktivləri 7,56% - $38 mlrd. 515,2 mln.-a qədər artıb.
Xəbər verildiyi kimi, ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.**
N.Abbasova