Əhalinin vaxtı keçmiş kreditləri ilə bağlı məsələnin həlli bank sektoruna müsbət təsir göstərəcək, bankları zəruri likvid vəsait ilə təmin edəcək. Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov belə hesab edir.
“Bu qərar nəinki bankların ümumi kredit portfelində vaxtı keçmiş borcların həcmini mühüm dərəcədə azaltmağa, həm də bankları zəruri likvid vəsait ilə təmin etməyə imkan yaradacaq”, - Y. Abdulov cümə günü “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, bu gələcəkdə bankların mövqeyinin və onların kredit reytinqlərinin mühüm səviyyədə yaxşılaşmasına səbəb olacaq.
“Banklar ehtiyatların formalaşmasına yönəldilən vəsaitin azaldılması hesabına kapitallaşmanı artırmaq imkanı əldə edəcəklər. Nəticədə, bu, onların maliyyə mövqeyinə müsbət təsir göstərəcək və beynəlxalq reytinqlərinin yaxşılaşmasına gətirə bilər”, - Y.Abdulov qeyd edib.
ABA-nın icraçı direktoru həmçinin bildirib ki, bir neçə krediti olan vətəndaşların kompensasiyaları yalnız onların banklarda və BOKT-larda kreditlərinin ümumi məbləği $10 mini keçmədiyi halda ödəniləcək. **
Ə.Məmmədov