Maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin sosial təşəbbüslərinin reallaşdırılması məqsədilə 2019-cu il dövlət büdcəsi parametrlərinin təkrar baxılmasına zərurət görmür.
“Hazırda Azərbaycan prezidenti İlham Əliyevin bütün sosial təşəbbüslərinin reallaşdırılması məqsədilə dövlət büdcəsi parametrlərinin təkrar baxılmasına zərurət görmürük. Bu onunla əlaqədardır ki, 2019-cu il dövlət büdcəsində öncədən bu məqsədlərə vəsait nəzərdə tutulub. Bundan əlavə, büdcənin icrası zamanı yanvar ayında müəyyən ehtiyatlar formalaşdı (105 mln. manat - İF), bu vəsaiti həmin sosial tədbirlərin reallaşdırılmasına yönəltmək olar”, - S.Şərifov AzTV telekanalında “Günün nəbzi” verilişinin efirində bildirib.
Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarında prezident minimal əməkhaqqı, minimal pensiya, məcburi köçkünlərin aylıq müavinəti, sosial müavinətlərin məbləğinin mühüm dərəcədə artırılmasını nəzərdə tutan fərmanlar imzalayıb. “Qiymətləndirmələrimizə əsasən, 2019-cu ildə bu tədbirlərin reallaşdırılmasına dövlət büdcəsindən 882 mln. manatın ayrılması lazım olacaq. Bu tədbirlər 1,3 mln. nəfəri əhatə edəcək”, - nazir qeyd edib.
S.Şərifovun sözlərinə görə, bundan əlavə, dövlət büdcəsindən problemli kreditlərin tənzimlənməsinə dair fərman çərçivəsində vətəndaşlara kompensasiyalar ödəniləcək. **
A.Əzizov