Azərbaycanın maliyyə naziri Samir Şərifov hesab edir ki, ölkə üzrə reytinq bir pillə "BBB-"ə qədər yaxşılaşmalıdır.
“Hazırda hər üç aparıcı reytinq agentliyinin Azərbaycan üzrə kredit reytinqi "BB+" səviyyəsindədir, proqnoz “stabil”dir. Biz bu cür reytinq ilə razı deyilik. Hesab edirəm ki, milli valyutanın devalvasiyasından sonra (2015-ci ildə -İF) fəaliyyətimiz, bank sektorunun sağlamlaşdırılmasında əldə olunan irəliləyiş reytinq agentlikləri tərəfindən adekvat qiymətləndirilməyib”, - S.Şərifov AzTV-nın “Günün nəbzi” verilişinin efirində bildirib.
Onun sözlərinə görə, kredit reytinqi bərpa olunmalı və bir pillə "BBB-" səviyyəsinədək yaxşılaşmalıdır. “Biz bu istiqamətdə işləyirik. Ehtiyatlarımız artır, problemlər öz həllini tapır. O cümlədən, 2018-ci ildə xarici borcu mühüm dərəcədə azaltdıq. Hesab edirəm ki, bu, reytinqin bir pillə yaxşılaşması üçün əlverişli şəraitdir”, - nazir əlavə edib.
S.Şərifov bildirib ki, 2018-ci ilin yekunları üzrə Azərbaycanın ümumi büdcəsinin profisiti 4,5 mlrd. manat və ya $2,7 mlrd. təşkil edib. 2019-cu ildə ümumi büdcənin profisiti $1,2 mlrd. səviyəsində gözlənilir.
2016-cı ilin yanvar ayında S&P agentliyi neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanın kredit reytinqini "BBB-"-dan "BB+"-ə qədər endirib.
Bu səbəbdən fevralda Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və mill valyutada emitentinin uzunmüddətli defolt reytinqini "BBB-" səviyəsindən "BB+" səviyyəsinədək endirib. **
A.Əzizov