Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakı ilə Paramaribo arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirdi.
“E.Məmmədyarov Surinam Respublikasının xarici işlər naziri Yldiz Pollak Beigle ilə görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edərək diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş layihəsinin imzalanmağa hazır olduğunu bildirdi”, - XİN-in mətbuat xidməti məlumat verir.
Həmçinin nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Öz növbəsində, Yldiz Pollak Beigle ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Nazir E.Məmmədyarovu Qoşulmama Hərəkatının sədri qismində Surinama dəvət etdi.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Abu-Dabidə keçirilən 46-ci sessiyası çərçivəsində baş tutan görüşdə ikitərəfli iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edildi.
O cümlədən, E.Məmmədyarov Abu-Dabidə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) rəhbəri Pyer Krahenbul ilə görüşdü. **
R.Babayev