Azərbaycan və Çin nəqliyyat sahəsində əlaqələrin inkişafı məqsədilə İşçi Qrup yaradacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bu məsələ iqtisadiyyat naziri Şahin Mustafayevin Pekində Çinin nəqliyyat naziri Li Siaopenlə görüşü zamanı müzakirə edilib.
“Görüşdə “Bir Kəmər, Bir Yol” Təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə edilməsi məsələsi də müzakirə mövzusu olub”, - deyə məlumatda qeyd olunur.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi Xəzər regionu ölkələrinin tranzit potensialının artırılması və inkişafına xidmət edir. Bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır.
Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 25 fevral-1 mart tarixlərində Çində səfərdə olub. Səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib, eləcə də Çin hökumətinin nümayəndələri ilə görüşlər təşkil olunub.*
B.Rüstəmbəyov