2023-cü ilədək Azərbaycana gələn turistlərin sayının 4 mln. nəfərədək artırılması ölkə qarşısında duran vəzifədir. Bunu Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov deyib.
“Turizm Strategiyasına əsasən 2023-cü ilədək ölkəyə gələn turistlərin sayının 4 mln. nəfərədək artırılması planlaşdırılır", - deyə B.Əsgərov bu gün “Formula 1” yarışlarının sosial-iqtisadi faydaları" mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, turizmin inkişafı ölkə rəhbərliyinin prioritetlərindən biridir. Bununla əlaqədar 2018-ci ildə Azərbaycanda Dövlət Turizm Agentliyi və Turizm Bürosu yaradılıb.
"Müşahidələr göstərir ki, “Formula 1” yarışları Olimpiya Oyunlarından sonra dünyada turistlər üçün ikinci cəlbedici hadisədir", - deyə B.Əsgərov bildirib.
O vurğulayıb ki, "Azərbaycan Qran Prisi"nin təşkilatçıları və BTA qarşısında Azərbaycanda F-1 yarışlarının həvəskarlarının ölkədə qalma müddətinin artırılması məsələsi durur. "Bir qayda olaraq, F-1 həvəskarları yarışın keçirildiyi dövrdə Bakıda orta hesabla 3-4 gün qalırlar. Biz onların ölkəmizdə daha uzun müddət qalmalarını, o cümlədən Azərbaycanın müxtəlif bölgələrində də olmalarını istəyirik ", - deyə baş icraçı direktorun müavini qeyd edib.
2018-ci ildə Azərbaycana gələn turistlərin sayı 2017-ci illə müqayisədə 6% - 2 mln. 844,889 min nəfərədək artıb.*
R.Babayev