Vətəndaşların problemli kreditləri ilə bağlı məsələnin həlli banklara kapital mövqeyini gücləndirməyə, əməliyyat xərclərini azaltmağa və kreditləşmə imkanlarını genişləndirməyə şərait tyaradacaq. “Unibank” KB İdarə Heyəti sədrinin birinci müavini Asəf Hüseynov belə hesab edir.
“Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı bir neçə səbəbdən banklar üçün çox vacib əhəmiyyət daşıyır. Birincisi, fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində bankların kapital mövqeyi xeyli güclənəcək. Məsələ ondan ibarətdir ki, banklar problemli kreditlərlə bağlı kifayət qədər kapital ehtiyatları yaradırlar. Bu onların kapitallarının aşağı düşməsinə səbəb olur”, - bankın məlumatında A.Hüseynovun sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, kapitalın aşağı düşməsi isə iqtisadiyyatın kreditləşməsinin həyata keçirilməsini məhdudlaşdırır. “Problemli kreditlər üzrə ödəniş nəticəsində bank sistemində hər 100 mln. manat kapital artımı əlavə 1 mlrd. manat kredit vermə imkanı yaradır. Bu, kiçik və orta sahibkarlığın kreditləşməsinin daha da artırılmasına imkan yaradacaq”, - A.Hüseynov qeyd edib.
İkincisi, bu məsələnin həlli bankların əməliyyta xərclərinin azaltmasına gətirəcək. “Bu gün bank işçilərinin 10-15%-i problemli kreditlərlə əlaqədar çalışan əməkdaşlardır. Problemli kreditlərin həlli bankların bu əməliyyat xərclərini kəskin şəkildə azaltmasına imkan verəcək və nəticədə əməliyyat mənfəəti artacaq”, - o vurğulayıb.
A.Hüseynov hesab edir ki, üçüncüsü, prezidentin bu fərmanının icrası əhalinin bank sektoruna etimadının yenidən bərpasına imkan yaradacaq. **
A.Əzizov