Bakı "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun (CSBS) yaradılması layihəsinin reallaşdırılmasını dəstəkləyir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Bu təşəbbüsün verə biləcəyi geoiqtisadi faydaya istinad edərək, mən yenə də geniş bölgədə daha bir rəqabətli bağlantı olmasına yönəldilmiş "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun dördtərəfli əməkdaşlıq şəklində inkişafına Azərbaycanın dəstək verdiyini təsdiqləmək və bu prosesə fəal töhfə verməyə hazır olduğumuzu bildirmək istərdim”, - deyə o, bu gün Buxarestdə CSBS-nin nazirlər görüşündə bildirib.
XİN başçısı qeyd edib ki, Azərbaycan həmişə regionda qarşılıqlı əlaqələrin yaradılmasına güclü dəstək göstərib və Şərq-Qərb, Şimal-Cənub, eləcə də Cənub-Qərb nəqliyyat dəhlizlərini təbliğ etməklə regionun tranzit potensialını artırmaq üçün səylərini əsirgəməyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu yalnız iştirakçı ölkələri deyil, həm də qitələri birləşdirəcək. Bununla yanaşı, Azərbaycanın Ələt şəhərində yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun Beynəlxalq Logistik Mərkəzinin tikintisi, eləcə də Azad İqtisadi Zonanın yaradılması beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini və regionun ticarət və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
E.Məmmədyarov Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) üzrə indikativ İnvestisiya Fəaliyyət Planına dair Aİ-nin nəşrini və Şərq-Qərb dəhlizinin həm avtomobil, həm də dəmir yolundan ibarət Azərbaycan hissəsinin TEN-T-in əsas şəbəkələrinə daxil edilməsini alqışlayıb.
“Rumıniya bizim üçün Aİ bazarına coğrafi darvazalardan biridir, ancaq CSBS marşrutunun reallaşdırılması ilə bu darvazanın fəal işlək vəziyyətə gətiriləcəyinə inanıram. Bilavasitə qonşularımıza gəldikdə, Türkmənistan bizə Mərkəzi Asiyaya, daha sonra isə Uzaq Şərqə çıxışı təmin edir, Gürcüstan da bizim üçün Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizlərinə vacib bağlantıdır, habelə Qara dənizə giriş nöqtəsidir”, - deyə o vurğulayıb.
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan arasında əməkdaşlığın təməlində ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin pozulmazlığına qarşılıqlı dəstək prinsipi durur.*
F.İsazadə