Azərbaycanın işğal olunmuş ərazilərində özəl şirkətlərin fəaliyyəti qəbuledilməzdir. Bunu XİN başçısı Elmar Məmmədyarov deyib.
“Bizdə işğal olunmuş ərazilərdə bəzi şirkətlərin qanunsuz fəaliyyətinə dair faktlar var, biz hətta həmin şirkətlərin siyahısını təqdim edə bilərik. Bu, qəbuledilməzdir”, - E.Məmmədyarov bu gün Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" beynəlxalq konfransda bildirib.
XİN başçısı qeyd edib ki, nazirlik Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərin aid olduğu ölkələrin hökumətlərini artıq məlumatlandırıb.
“Tədbirlərimiz nəticəsində bəzi şirkətlər bu cür fəaliyyəti dayandırıb. Hesab edirik ki, özünə hörmət edən şirkətlər qanunsuz fəaliyyətlə məşğul olmamalıdır və bunun qarşısını almaq məqsədilə işi davam etdirəcəyik. İşğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət sülh və təhlükəsizliyə təhdiddir, həmçinin mövcud münaqişənin nizamlanmasına əngəl törədir”, - nazir bəyan edib. **
Ə.Məmmədov