Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu ilin iyun ayında Vyanada dinlərarası dialoq üzrə beynəlxalq konfrans təşkil edəcək. Bu barədə komitə sədri Mübariz Qurbanlı məlumat verib.
“QMİ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə bu ilin iyun ayında Vyanada irimiqyaslı beynəlxalq konfrans (dinlərarası dialoq üzrə - İF) keçirməyi planlaşdırır”, - deyə o, bu gün Bakıda keçirilən “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda konfransda bildirib.
Sədr qeyd edib ki, may ayında Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Öz növbəsində, QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan müxtəlif yönümlü beynəlxalq tədbirlərin və dünyanın dini liderlərinin görüşlərinin keçirildiyi ənənəvi platformaya çevrilib.
“Azərbaycan müxtəlif dinlər arasında tarixən mənəvi körpü rolunu oynayıb”, - deyə A.Paşazadə vurğulayıb.
O deyib ki, QMİ dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni inkişaf etdirir və yaymaqda davam edir.*
F.İsazadə