Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaq, bu da işğal olunan torpaqların azad edilməsini tələb edir. Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayevanın bəyanatında deyilir.
"Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistanın baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?", - L.Abdullayeva Nikol Paşinyanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın baş nazirinin bu kimi əsassız bəyanatları “nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyil”.
“Bölgənin “yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir”, - XİN-in mətbuat katibi vurğulayıb.
L.Abdullayeva bildirib ki, “Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaq”.
“Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim", - Azərbaycan XİN-in rəsmisi bəyan edib. **
R.Babayev