Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəfdir”, - İ.Əliyev bu gün Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak ilə görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyevin sözlərinə görə, danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirilməsi və Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığına baxmayaraq, “İrəvan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyət yoxdur və Ermənistan danışıqlar prosesini pozmağa çalışır”.
“Münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsi vacibdir”, - prezident qeyd etdi.
Ölkəmizin ATƏT-ə üzvlüyə böyük önəm verdiyini deyən dövlət başçısı Azərbaycanın həm bu təşkilat çərçivəsində, həm də təşkilata üzv olan dövlətlərlə fəal iş apardığını və səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu dedi.
Öz növbəsində, M.Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə verməyin prioritetlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, münaqişə ilə bağlı vəziyyətlə yerindəcə tanış olmaq və fikir mübadiləsi aparmaq üçün regiona səfər yaxşı fürsət yaradır.
“Görüşdə, həmçinin ATƏT-in gündəliyində duran məsələlərə, Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikri mübadiləsi aparıldı”, - məlumatda deyilir. **
R.Babayev