Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bəyan edib ki, çərşənbə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.
“Görüşdə Bakının mövqeyini izah etdim. Ümumilikdə, münaqişənin həlli yollarını müzakirə etdik”, - E.Məmmədyarov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gələn həftə M.Layçak Ermənistan rəhbərliyi ilə münaqişənin həllinin müzakirəsi məqsədilə İrəvana səfər edəcək.
“Biz həmçinin ikitərəfli, o cümlədən ATƏT çərçivəsində əməkdaşlığı müzakirə etdik. Əsasən müzakirələr nəqliyyat və energetika sahəsində əməkdaşlıq ətrafında aparılıb. Bildiyiniz kimi, dünən Buxarestdə nəqliyyat konfransında iştirak etmişəm. Görüşün yekunları üzrə işçi qrupu yaratdıq. Həmin qrup bu məsələ ilə məşğul olacaq (bazar ertəsi Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistan XİN başçıları Buxarestdə görüş zamanı Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişafına dair bəyannamə imzalayıblar)”, - E.Məmmədyarov vurğulayıb.
“Bir daha Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyimizi ifadə etmək istərdim. Azərbaycan prezidenti və XİN başçısı ilə münaqişənin həlli yollarını müzakirə, mövqeyimi izah etdim”, - M.Layçak öz növbəsində bildirib.
“Bakıya səfərim dərin nəticələr ilə başa çatır. Gələn həftə İrəvana çatdıracağım bir sıra ismarıclar var”, - o əlavə edib.
M.Layçak vurğulayıb ki, Bakıda həmçinin ATƏT-in gündəliyində duran, həmçinin Azərbaycanla əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edib. **