Avropa Komissiyasının Qonşuluq Siyasəti üzrə üzvü Yohannes Han Ermənistan və Azərbaycan rəhbərləri və xarici işlər nazirlərinin ilk əlaqələrində Qarabağ probleminə dair danışıqlar üçün yaxşı “çıxış nöqtəsi” görüb, baxmayaraq ki, konkret məsələ barədə danışmağın hələlik tez olduğunu etiraf edib.
“Dəstəyimizdən söhbət gedərkən, düşünürəm ki, hazırki danışıqlar formatını saxlamaq yaxşı olardı. Daha geniş mənada, söhbət etimad tədbirlərindən gedir”, - Avropa komissarı Aİ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə necə kömək edə bilərdi sualına cavabında bildirib.
Y.Han Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə mətbuat konfransında çıxış edib. N.Paşinyan Dağlıq Qarabağa dair danışıqların yeni formatına zərurət olduğunu bəyan edib.
“Problemin səmərəli həllini təmin etmək məqsədilə öncə Qarabağın danışıqlarda iştirakını tələb edəcək effektiv format yaratmaq lazımdır”, - N.Paşinyan qeyd edib.
“Avropa İttifaqı kənardan bütün regionu dəstəkləyə və ölkələr arasında əməkdaşlığı, xüsusilə insanlar arasında əlaqələri sadələşdirə bilər”, - Y.Han vurğulayıb.
“Görünür, bu zaman tələb edəcək. Lakin, digər tərəfdən, düşünürəm ki, regional vəziyyətin yaxşılaşması üçün bölgədə şərait əlverişlidir. Biz sadəcə maraqlı tərəflərin xahişi ilə bu prosesi dəstəkləməli olacağıq, onların nəyi necə daha yaxşı etmək lazım olduğu bilirlər. Ancaq biz bu prosesi dəstəkləməyə hazır olmalıyıq”, - Y.Han bildirib. **