2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $8 mlrd. 927,1 mln. təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $9 mlrd. 398,3 mln. təşkil edib. Beləliklə, ötən il xarici borc 5% azalıb.
“2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $8 mlrd. 927,1 mln.-a və ya ÜDM-nin 19%-nə bərabərdir. Xarici borcun strukturunda $4 mlrd. 997,7 mln. və ya 56% hökumətin cəlb etdiyi kreditlərin, $3 mlrd. 157,9 mln. və ya 35,4% xarici valyutada dövlət qiymətli kağızlarının, $771,5 mln. və ya 8,6% xarici dövlət borcu sayılan şərti öhdəliklərin payına düşüb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycan $875,2 mln. məbləğində kredit istifadə edib.
Ötən il xarici borca xidmət göstərilməsi üçün dövlət büdcəsindən $1 mlrd. 218,8 mln. yönəldilib, bunun $920,1 mln.-u əsas borc, $298,7 mln.-u isə faiz ödənişlərinin payına düşüb.
1 yanvar 2019-cu il tarixinə əhalinin hər nəfərinə düşən xarici borcun məbləği $895 təşkil edir.
Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib.
Sənədə əsasən 2026-cı ilə kimi Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq.*
A.Əzizov