İtaliya Azərbaycanda enerji və texnologiya sahələrinə investisiya yatırmaqda maraqlıdır. Bunu ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldi deyib.
Energetika naziri Pərviz Şahbazov və P.Qrimoldi Bakıda keçirilən görüşdə TAP-ın tikinti layihəsi və İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“İtaliya Azərbaycanda enerji və texnologiya sahələrinə investisiya yatırmaqda, bu istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”, - məlumatda P.Qrimoldinin sözlərindən sitat gətirilir.
O, həmçinin vurğulayıb ki, TAP kəməri hər iki ölkənin maraqlarına cavab verir. “TAP təkcə iqtisadi deyil, həm də siyasi əalqələrin (iki ölkə arasında - İF) inkişafını təmin edəcək”, - P.Qrimoldi qeyd edib.
Öz növbəsində, P.Şahbazov bildirib ki, TAP kəməri ilə İtaliyaya təkcə yeni mənbədən qaz daxil olmayacaq, “həm də təbii qazın istehlakçılar üçün münasib qiyməti formalaşacaq, dekarbonizasiya hədəfinə töhfə veriləcək”.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.
TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%) şirkətləridir. **
N.Abbasova