“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC əməkdaşlarının könüllü tibbi sığorta (KTS) növü üzrə sığortalanması üçün sığortaçı seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİŞ-dən məlumat verilib.
Seçim kotirovka sorğusu metodu ilə keçirilib.
““PAŞA Sığorta” şirkəti qalib elan edilib. Tərəflər arasında müvafiq müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.
KTS sistemi AİŞ-in 40 əməkdaşını əhatə etməlidir.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. 31 sığorta növü üzrə xidmət göstərən şirkət toplanmış sığorta haqlarının və ödənişlərin həcminə görə Azərbaycanın sığorta şirkətlərinin üçlüyünə daxildir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.*
B.Rüstəmbəyov