RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, həmkarı Konstantin Zatulini hərəkətləri ilə Moskva ilə Bakının arasını vurmağa çalışır.
“Çox müəmmalı hadisələrlə əlaqədar cənab Zatulinə qarşılıqlı suallar vermək istərdim. Mən cənab Zatulinin birbaşa iştirakı ilə Moskvada keçirilən “Lazarev klubu”nun ikinci iclasını nəzərdə tuturam. Həmin iclasda klubun üzvlərinə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı rejimin “iqtisadiyyat və istehsal infrastrukturu naziri” kimi təqdim olunan bir şəxs iştirak edib”, - K.Zatulinin Bakıda Xocalı qurbanlarının xatirəsinə həsr olunan tədbirlərdə rusiyalı parlamentarilərin iştirakına dair ifadələrini şərh edən D.Savelyevin bəyanatında qeyd olunur.
Parlamentlərarası Dostluq Qrupunun rəhbəri bu cür hərəkətlərin Dağlıq Qarabağ münaqişəsində Rusiyanın vasitəçilik funksiyasına uyğun olmasına dair şübhələr doğurduğunu qeyd edib.
“Bu hərəkətləri dövlətimiz tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanınmasına dair bəyanatlarla necə uyğunlaşdırmaq olar? Bu cür hərəkətlər Rusiya-Ermənistan əməkdaşlığına dair şüarlar altında Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq cəhdi deyilmi?”, - D.Savelyev bildirib.
Xocalı soyqırımının növbəti ildönümü barədə söz açan D.Savelyev qeyd edib ki, Rusiyanın nümayəndə heyəti tərkibində Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənəsinə həsr olunan “Ümumi gələcəyin qurulması, ümumi keçmişin axtarışı və ümumi indinin inkişafı” mövzusunda illik konfransda iştirak edib.
“Xocalı soyqırımının 27 ildönümü ilə əlaqədar Ümumxalq yürüşü keçirilib. Bu, rəsmi tədbirdir və mən bu matəm mərasimindəAzərbaycan prezidenti İlham Heydər oğlu Əliyev ilə birgə sırada olmaqdan qürur hissi duyuram. İ.Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi üçün maksimum səy göstərir”, - parlamentari qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın nümayəndə heyəti Xocalıda baş verən faciənin simvolu olan “Ana fəryadı” abidəsi önünə güllər qoyub. “Yürüş iştirakçılarının əllərində “Xocalını unutmayın!” “Xocalıya ədalət!” yazılarının olduğu transparatlar var idi. Cənab Zatulin bütün bu şüarların anti-Ermənistan olduğunu hesab edir?”, - D.Savelyev sual verib.
“Mən və həmkarlarım Xocalı faciəsini dəhşətli canilik hesab edirik. Axı Xocalıda həlak olan hər bir uşaq ilə birlikdə Azərbaycan gələcəyinin bir hissəsi məhv edilib. Həm mənim, həm də bir çox ekspertlərin fikrincə, Xocalı qətliamı özündə soyqırımın bütün əlamətlərini daşıyır. Mən bunu həm mətbuatda, həm də RF Dövlət Dumasında dəfələrlə qeyd etmişəm”, - D.Savelyev vurğulayıb. **
R.Babayev