Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya-Ermənistan “Lazarev klubu”nun Moskvada keçirilən iclasında Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələrinin iştirakı ilə əlaqədar Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikova narahatlığını bildirib.
E.Məmmədyarov bu gün Rusiya tərəfinin xahişi ilə M.Boçarnikov ilə görüşüb.
“Nazir RF-nin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi oynadığı rolu vurğulayaraq, Rusiyanın dövlət rəsmilərinin də qatıldığı “Lazarev klubu”nun iclasında separatçı rejiminin nümayəndələrinin iştirakının Azərbaycan tərəfinin etirazına səbəb olduğunu qeyd edib”, - XİN-in mətbuat xidmətindən bildirilir.
E.Məmmədyarov vurğulayıb ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir.
“Nazir Azərbaycan və Rusiya arasında mövcud əlaqələrin strateji xarakter daşıdığını qeyd edib”, - XİN-dən bildirilir. **
F.İsazadə