Bu gün Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 825,3 min manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Bu kreditlərin istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 70 yeni iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda bildirilir.
İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13,9 min investisiya layihəsinin maliyyələşdirilməsinə 580 mln. manat güzəştli kredit verilib.
Məlumatda qeyd olunur ki, bu ilin əvvəlindən Azərbaycanda sahibkarlara 8,3 mln. manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov