ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində görüşməyə hazır olmalarını alqışlayırlar. Bu barədə ATƏT-in saytında verilən məlumatda deyilir.
“ATƏT-in Minsk qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar”, - deyə məlumatda bildirilir.
Həmsədrlər iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparırlar.
Vasitəçilər, eyni zamanda son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdiklərini vurğulayıblar, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayıb və tərəfləri səyləri gücləndirməyə çağırıblar.
Həmçinin həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini təkrar vurğulayıblar.
“Bəyanatda vasitəçilər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyib”, - deyə məlumatda qeyd olunur.
Həmsədrlər münaqişənin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının əsas prinsipləri olduğunu qeyd edərək vurğulayıblar ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir. Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək.*
R.Babayev