Xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana rəsmi səfəri çərçivəsində beynəlxalq təhlükəsizliyə təhdidlərə qarşı birgə mübarizə məsələlərini müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“E.Məmmədyarov və İran Ali Milli Təhlükəsizik Şurasının katibi Əli Şamxani regionda təhlükəsizliyə təhdid olan İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Tərəflər ikitərəfli əlaqələrin gündəliyində duran məsələləri müzakirə ediblər.
E.Məmmədyarov həmsöhbətinə hazırda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib.
Azərbaycan XİN başçısı, həmçinin İranın İslam Şurası Məclisinin sədri Əli Laricaniilə də görüşüb. Ə.Laricani İran Parlamentinin Bakı ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirib.
İrana rəsmi səfəri çərçivəsində baş tutan görüşlərdə nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib. İran tərəfi, o cümlədən prezident Həsən Ruhani vurğulayıb ki, Tehran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyir.*
R.Babayev