Rəsmi Bakı Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair bəyanatını alqışlayır və bunu Ermənistana verilən bir siqnal hesab edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Minsk qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq”, - deyə XİN-in mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını şərh edərkən qeyd edib.
O vurğulayıb ki, Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir.
“Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”, - deyə L.Abdullayeva bildirib.
Onun sözlərinə görə, həmsədrlərin bəyanatında, həmçinin münaqişənin həlli ilə əlaqədar atılmalı olan addımlar da qeyd edilir. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur.
“Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Bu sənəddə qeyd olunur ki, “xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir. Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar”, - deyə mətbuat katibi vurğulayıb.*
R.Babayev