Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AXA MBASK” Sığorta Şirkəti ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MBNP-dan məlumat verilib.
““AXA MBASK” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AXA MBASK” sığorta şirkətinin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb”, - deyə məlumatda bildirilir.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb. Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Şirkətin yeganə səhmdarı “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkətidir. Nizamnamə kapitalı 19 mln. 733,738 min manata bərabərdir.*
Ə.Məmmədov