2018-ci ilin yekunları üzrə Azərbaycanda ət və ət məhsulları ilə özünütəminat səviyyəsi 82,7% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"2018-ci ilin yekunları üzrə ölkədə ət və ət məhsulları ilə özünütəminat səviyyəsi 82,7% təşkil edib. Digər əsas qida məhsulları olan kartofla özünütəminat səviyyəsi 92,5%, kərə yağı ilə - 71,1%, balıq və balıq məhsulları ilə – 87,8%, süd və süd məhsulları ilə – 86,7%, şəkərlə – 81,2%, unla - 95,9%, bostan məhsulları ilə – 99,7%, marqarin yağı ilə – 98,8% olub”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, bəzi məhsulların istehsal həcmi daxili tələbatı üstələyir. Belə ki, ötən il yumurta istehsalı istehlakdan 1,5%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 23,1%, duz istehsalı 3,1% çox olub.
Prezident İlham Əliyev 2023-cü ilin sonunadək kənd təsərrüfatı sektoru üçün bir sıra vəzifələri müəyyən edib. “Misal üçün, son 15 il ərzində ət istehsalını 196 min tondan 2018-ci ildə 326 min tonadək artıra bildik. Yaxın 5 il ərzində ət istehsalı 15% artmalıdır”, - deyə prezident bildirib.
Onun sözlərinə görə, ötən il 2 mln. ton süd istehsal olunub. Qarşıdakı 5 il ərzində istehsal 15-20% artmalıdır.*
B.Rüstəmbəyov