Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Respublikasına səfərə gəlib. Bu barədə rəsmi mətbuat məlumat verir.
M.Əliyeva Parisə səfər çərçivəsində martın 11-də “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.
Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında imzalanacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayan M.Əliyeva David dö Rotşildi Bakıya səfərə dəvət etdi.
Birinci vitse-prezident bildirdi ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis etmişdilər. “Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər”, - M.Əliyeva bildirdi.
David dö Rotşild Azərbaycana səfər dəvətini qəbul etdi.
Bundan əlavə, M.Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb. “Görüşdə ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov