Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin baş naziri Eduard Filip ilə görüşü olub. Bu barədə rəsmi KİV-lər xəbər verir.
Fransanın baş naziri ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib və əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu deyən E.Filip fransız şirkətlərinin Azərbaycanın neft və qeyri-neft sektorunda çalışdıqlarını söyləyib, bu şirkətlərin Azərbaycan bazarında daha fəal olmasının önəmini vurğulayıb.
M.Əliyeva ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyən M.Əliyeva Azərbaycanda 59 fransız şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb.
Humanitar, mədəniyyət, elm sahələrində əməkdaşlıqdan danışarkən birinci vitse-prezident bildirib ki, Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bəyan edən M.Əliyeva bildirib ki, hazırkı status-kvo qəbuledilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Baş nazir E.Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu deyib.
Görüşdən sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalayıblar.
“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar.
“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıblar.*
Ə.Məmmədov