Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri Vladislav Kanevski Kiyevin Bakı ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, XİN başçısı Elmar Məmmədyarov V.Kanevskinin etimadnaməsinin surətini qəbul edib.
“Səfir V.Kanevski ölkəsinin Azərbaycanla əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib”, - deyə məlumatda qeyd olunur.
Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Tərəflər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan ediblər.*
F.İsazadə