Martın 11-də Azərbaycanda start verilən genişmiqyaslı hərbi təlimlərə “Polonez” reaktiv yaylım atəşi sistemləri cəlb edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı videokadrlarda ən azı 6 əməliyyat-taktiki raket bölməsinin cəlb olunduğu aydın görünür. Keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər.
“Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edib”, - deyə məlumatda bildirilir.
Təlimlər martın 11-dən 15-dək keçiriləcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.*
F.İsazadə