Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı mövqeyini müsbət qiymətləndirir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev bu gün ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
“İ.Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır”, - deyə məlumatda bildirilir.
Səfir Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Tərəflər Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
“Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda bildirilir.
İ.Əliyev və Ö.Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə ediblər.*
F.İsazadə