Rusiyanın "Qazprombank" SC Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) neft koksu istehsalının modernləşdirilməsi layihəsinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Bunu bankın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov deyib.
“Nəzərdən keçirdiyimiz layihələrdən biri BNEZ-in yenidən qurulması çərçivəsində neft koksu istehsalının modernləşdirilməsi ilə bağlıdır. Müştərimiz - bu məhsulun istehlakçısı olan “Rusal” şirkəti koks almaq və tədarük həcmini artırmaq istədiyini bildirib. Biz SOCAR-la birlikdə bu məsələni həll etməyə və bu layihəni layihə maliyyələşdirilməsi prinsipi əsasında həyata keçirməyə çalışacağıq”, - deyə o qeyd edib.
F.Sadıqovun fikrincə, koks istehsalının modernləşdirilməsi xərcləri təxminən $300-400 mln. təşkil edə bilər.
«Layihə kiçik olsa da, kifayət qədər effektivdir. Biz onu maliyyələşdirməyə hazırıq, çünki qabaqcadan bilirik ki, hazır məhsulu alacaqlar, layihənin digər iştirakçısı isə bu məhsulu istehsal edəcək. SOCAR da razılıq verərsə, onu reallaşdırmağa çalışacağıq”, - deyə sədr müavini bildirib.
Hazırda BNEZ-də neft koksu 4 nömrəli istehsalat sahəsindəki 43 nömrəli qurğuda istehsal edilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 244 min ton neft koksu istehsal olunub.*
N.Abbasova