Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın bu gün Parisdə Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.
“M.Əliyeva B.Makronu ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub”, - deyə rəsmi KİV-lər xəbər verir.
Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub.
M.Əliyeva bu gün Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüb. Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan M.Əliyeva qeyd edib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edən Azərbaycanın birinci vitse-prezidenti əməkdaşlıq baxımından böyük potensialın olduğunu deyib. M.Əliyeva fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb.*
F.İsazadə