Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer mayda Azərbaycana səfər etməyi planlaşdırır.
Rəsmi KİV-in məlumatına görə, bu məsələ B.Lömerin Parisdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü zamanı müzakirə olunub.
Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir B.Lömer deyib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif edib.
M.Əliyeva ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğulayıb. Bildirib ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır.
Birinci vitse-prezident Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd edib. M.Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri B.Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Fransalı nazir Hökumətlərarası İqtisadi Komissiyanın cari ildə iclasının keçirilməsi təklifini yüksək qiymətləndirərək, may ayında Avropada seçkilərdən sonra ölkəmizə səfərə gəlməyə imkanı olacağını deyib. Bildirib ki, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər.*