2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 5 mlrd. 515,1 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 2 mlrd. 781,3 mln. manat (2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 2,3%), qeyri-ərzaq mallarının alınmasına 2 mlrd. 733,8 mln. manat (artım 3%) sərf olunub.
Yanvar-fevral aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 44,7%-i ərzaq məhsullarının, 5,7%-i içki və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 140,9 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
B.Rüstəmbəyov