2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 7,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5%, neft sahəsində - 4,6% artıb.
Yanvar-fevral aylarında sənaye məhsulunun 71,7%-i mədənçıxarma sektorunda, 22,7%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, mebel istehsalı 85,5%, maşın və avadanlıqların istehsalı 80,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 64%, içkilərin istehsalı 63,4%, kağız və karton istehsalı 50,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6%, kompüter, elektron və optik məhsulların istehsalı 37,8%, kimya sənayesi məhsullarının istehsalı 33,2%, əczaçılıq məhsullarının istehsalı 26,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2%, tikinti materiallarının istehsalı 12,8% artıb.
Bu dövrdə sair nəqliyyat vasitələrinin istehsalı 4,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 8,9%, hazır metal məmulatlarının istehsalı 12,4%, poliqrafiya məhsullarının istehsalı 15,7%, elektrik avadanlıqlarının istehsalı 24%, geyim istehsalı 27,1%, tütün məmulatlarının istehsalı 32,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 39,8%, azalıb.
2019-cu ilin yanvar-fevral aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,1% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 47,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur. **
Ə.Məmmədov