Trans-Anadolu qaz kəməri (TANAP) 2019-cu il iyulun 1-dək “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazını Avropaya nəql etməyə hazır olacaq. Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.
“TANAP-ın Əskişəhərdən Yunanıstan sərhədinədək olan hissəsinin tikintisi üzrə işlərin 98%-i yerinə yetirilib. Aprelin 15-dən qaz kəmərinin bu hissəsinə sınaq məqsədilə qaz vurulacaq və iyulun 1-dək TANAP Avropaya qaz nəqlinə hazır olacaq”, - deyə o, Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.
Baş direktor qeyd edib ki, Azərbaycanın kommersiya qazının TANAP və Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya nəqlinə 2020-ci ilin ortalarında başlanması gözlənilir.
“Güman edirəm ki, TAP artıq cari il ərzində TANAP-dan ilk qazı ala biləcək, Avropaya kommersiya qazının tədarükü isə 2020-ci ilin ortalarında başlayacaq”, - deyə S.Düzyol vurğulayıb.
O deyib ki, layihənin ilkin dəyəri $11,77 mlrd. məbləğində qiymətləndirilir və planlaşdırılmış vəsaitlərə 41% qənaət edilməsi nəticəsində layihə üzrə faktiki xərclər $7 mlrd.-dək azalıb.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%.*
N.Abbasova