BMT İnkişaf Proqramı Bakı üçün prioritet olan sahələrdə Azərbaycanla uzunmüddətli tərəfdaşlıqda maraqlıdır. Bunu BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer deyib.
Prezident İlham Əliyev bu gün M.Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“BMT İnkişaf Proqramı iqtisadi şaxələndirmə, xırda və orta sahibkarlığın inkişafı və Azərbaycan üçün prioritet olan digər sahələrdə ölkəmizlə uzunmüddətli tərəfdaşlığa hazırdır”, - deyə direktor qeyd edib.
Onun sözlərinə görə, BMT İnkişaf Proqramı Azərbaycanla əməkdaşlıqdan məmnundur.
Dövlət başçısı BMT İnkişaf Proqramının ölkəmizdə 20 ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.*
F.İsazadə