2019-cu ildə “Azerspace-2” peykinin istismarından “Azərkosmos” ASC-nin gəlirləri $16 mln. təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
“Ümumilikdə, “Azerspace-2” peykinin bütün istismar dövrü ərzində gəlirlərin $400 mln., həmçinin, 2019-cu ildə - $16 mln. təşkil edəcəyi gözlənilir”, - hökumətdən qeyd ediblər.
Məlumata görə, peykin hazırlanması $190 mln.-a başa gəlib.
“Intelsat” şirkəti ilə müqaviləyə əsasən, peykin tutumlarının 46%-i 15 il müddətinə icarəyə veriləcək. Bundan əlavə, ötən ilin sonunda şirkətlə peykin tutumlarının daha 20%-nin ortamüddətli istifadəsinə dair daha bir müqavilə imzalanıb. Ümumilikdə, “Intelsat” “Azerkosmos”a $185 mln. ödəyəcək. Bununla da, “Azerspace-2” layihəsinin maliyyələşdirilməsi üzrə xərclərin 80% ödəniləcək”, - hökumətdən qeyd olunub.
O cümlədən, məlumat verilib ki, 2018-ci ildə “Azerspace-1” peykinin istifadəsindən Azərbaycanın gəlirləri $17,6 mln., istifadənin bütün dövrü ərzində - $89 mln. təşkil edib.
Bundan əlavə, “Azersky” peykinin istifadəyə verilməsindən gəlirlər $27 mln., həmçinin 2018-ci ildə - $12 mln. təşkil edib.
Azərbaycan peyklərinin resurslarından istifadə edən əsas ölkələr bunlardır: Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Misir, CAR, Kipr, Polşa, İran, Qırğızıstan, Livan, Ukrayna, Böyük Britaniya. Ümumilikdə 20-yə yaxın ölkə ASC-nin xidmətlərindən faydalanır.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
Xəbər verildiyi kimi, 2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.**
B.Rüstəmbəyov