SOCAR karbamid zavodu (SOCAR Carbamide Plant) may ayının ikinci yarısında karbamid ixracına başlamağı planlaşdırır. Bu barədə zavodunun baş direktoru Xəyal Cəfərov bəyan edib.
“Cari il may ayının ikinci yarısında “SOCAR Carbamide” zavodundan karbamid ixracına başlanacaq. Bu zamana kimi müəssisənin əldə etdiyi məhsil daxili bazara yönəldiləcək”, - X.Cəfərov bu gün Bakıda keçirilən "Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransında bildirib.
O məlumat verib ki, Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, hazır məhsulun illik 500 min tonunadək həcmi ixraca göndəriləcək.
“Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları olacaq”, - o qeyd edib.
Baş direktorun sözlərinə görə, hazırda zavodda sınaq-sazlama işləri davam edir. İşlər cari ilin aprel ayında başa çatdırılacaq. “Biz karbamidin sertifikasiyasını yaxşılaşdırmaq, onu zəruri parametrlərə çatdırmaq istəyirik”, - X.Cəfərov vurğulayıb.
O, həmçinin xatırladıb ki, zavodun tikintisinin ümumi dəyəri 780 mln. avro təşkil edib. Bunun 197 mln. avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait, 500 mln. avro – borc vəsait, 80-85 mln. avro – SOCAR-ın öz vəsaiti hesabına tikinti zamanı büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.
Xəbər verildiyi kimi, 16 yanvar 2019-cu il tarixində “SOCAR karbamid” zavodu istifadəyə verilib.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir. Zavod gündəlik 1,2 min ton ammonyak və 2 min ton karbamid istehsal edəcək.
Eyni zamanda, zavodun hazır məhsul ixracından illik $160 mln. səviyyəsində gəlir əldə edəcəyi proqnozlaşdırılır. **
N.Abbasova