Azərbaycan müstəqil, proqnozlaşdırıla bilən və milli maraqlara əsaslanan xarici siyasət yürüdür. Bunu prezident İlham Əliyev deyib.
“Bizim xarici siyasətimizdə heç bir dəyişiklik yoxdur. Burada hər hansı yeni siyasətdən söhbət gedə bilməz. Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz onlarla uyğunlaşdırılır", - deyə İ.Əliyev bu gün Bakıda keçirilən “VII Qlobal Bakı Forumu 2019 – Yeni xarici siyasət” adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasəti sabit, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan siyasətdir.
Onun sözlərinə görə, bütün ölkələrlə sıx münasibətlərin qurulması Bakının xarici siyasi kursunun prioritetidir. "Bu siyasət tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq və regionda sabitliyin təmin edilməsinə yönəlib. Xarici siyasətimizin istiqamətlərinə gəlincə, əlbəttə ki, biz müxtəlif təşəbbüslərlə çıxış etmişik. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib istənilən dövlət üçün olduğu kimi, Azərbaycan üçün də qonşu ölkələrlə əlaqələr əsas prioritetdir. "Bu baxımdan qonşularımızla münasibətlərimiz daha da güclənib. Biz səmərəli əməkdaşlıq mühiti yaratmağa, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qurmağa nail olmuşuq. Nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə qoyuluşu sahələrində köprülər qurmuşuq. Əlbəttə ki, bu, ənənəvi əməkdaşlığımız sayəsində mümkün olub", - deyə İ.Əliyev bildirib.*
R.Babayev, F.İsazadə