Prezident İlham Əliyev 2019-cu ilin sonunadək Moldovaya səfər edə bilər. Bu barədə bu gün Bakıda jurnalistlərə Moldova prezidenti İqor Dodon məlumat verib.
Bu gün Bakıda prezidentlərin görüşü olub.
“Mən İ.Əliyevə Moldovaya səfər etməyi təklif etdim. Ola bilsin ki, bu ilin sonunadək İ.Əliyev Moldovaya səfər etsin", - deyə İ.Dodon "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan prezidenti Moldovanın Qaqauziya Muxtariyyətində sosial obyektin açılışında iştirak edə bilər.
İ.Dodon uzun müddətdir toplanmayan iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclasının keçirilməsinin vacibliyini diqqətə çatdırıb. "Bizdə hökumət formalaşarsa və vaxtından qabaq parlament seçkiləri keçirilməzsə, komissiyanın iclası İ.Əliyevin Moldovaya səfəri çərçivəsində keçirilə bilər”, - deyə Moldovanın prezidenti vurğulayıb.*
F.İsazadə