2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $986 mln. 317,47 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 29,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $5 mlrd. 317 mln. 941,43 min (2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 45,2% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $3 mlrd. 152 mln. 129,45 min (artım 42,6%), idxalın həcmi $2 mlrd. 165 mln. 811,98 min (artım 49,2%) təşkil edib.
İxracın strukturunda 82,61% neftin, 1,54% neft məhsullarının, 6,74% təbii qazın, 0,97% elektrik enerjisinin, 2,41% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,06% bitki və heyvan mənşəli yağların, 0,07% qəndin, 0,13% spirtli və spirtsiz məhsulların, 0,4% kimya məhsullarının, 0,96% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,82% pambıq, 0,12% pambıq ipliyin, 0,21% qara metal və ondan hazırlanan məmulatların, 0,43% alüminium və ondan hazırlanan məmulatların, 2,48% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 11,34% ərzaq məhsullarının, 0,77% tütün və tütün məhsullarının, 1,69% əczaçılıq məhsullarının, 0,99% gübrələrin, 2,51% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,73% odun və agac məhsullarının, 1,58% geyim və geyim aksessuarları, 6,58% qara metal və ondan hazırlanan məmulatların, 18,52% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 6,98% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,63% mebelin, 46,68% digər məhsulların payına düşüb.
Yanvar-fevral aylarında xarici ticarət əməliyyatlarında 4,036 min özəl və dövlət müəssisəsi və 4,96 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 144 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-fevral aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 37,67%-i), Türkiyə (8,72%), Almaniya (7,63%), İspaniya (4,69%), Portuqaliya (4,58%), Hindistan (4,42%) və Gürcüstanla, əsas idxal əməliyyatlarını isə İsveçrə (12,7%), Rusiya (11,63%), Türkiyə (9,08%), İran (8,37%), Çin (8,36%), Kanada (5,79%), ABŞ (4,27%), Almaniya (3,93%) və Avstraliya (3,02%) ilə həyata keçirib.*
N.Abbasova