Azərbaycan Xarici İşlər Nazirliyi Yeni Zelandiyada məscidlərə hücum nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
“Kraystçerç şəhərində məscidlərə edilən hücum xəbərləri bizi dərindən kədərləndirdi. Həklak olanların ailələrinə və yaxınlarına, həmçinin Yeni Zelandiya xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik”, - Azərbaycan XİN-in Twitter mikrobloqunda deyilir.
“Məscidə hücum nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və ya yaralanmasına dair məlumat daxil olmayıb”, - XİN-in mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbacan”a məlumat verib.
Onun sözlərinə görə, qərargahı Avstraliyada yerləşən Azərbaycanın Yeni Zelandiyadakı səfirliyi müvafiq strukturlar və bu ölkədəki Azərbaycan diasporu ilə sıx təmasdadır.
Öncə məlumat verilib ki, Yeni Zelandiyanın Kraystçerç şəhərinin mərkəzində məsciddə, həmçinin bu şəhərin ətrafında yerləşən Linvudda məsciddə atışma baş verib.
Yeni Zelandiya polisi hücumla əlaqədar şübhəli bilinən 4 nəfərin saxlanıldığını məlumat verib.
Yeni Zelandiyanın baş naziri Casinda Ardern hücumların nəticəsində 40 nəfərin öldüyünü təsdiq edib. **
F.İsazadə