Azərbaycan Ordusu genişmiqyaslı təlimlər çərçivəsində qarşıya qoyulan döyüş əməliyyatlarını uğurla yerinə yetirib. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.
Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi iclasda müdafiə naziri general-polkovnik Zakir Həsənov “Azərbaycan Ordusunun 2019-cu tədris ilinə vəzifələrinin dəqiqləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Bu barədə nazirlikdən məlumat verilir.
“Z.Həsənov bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər”, - məlumatda deyilir.
Nazir qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
“Z.Həsənov komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib”, - məlumatda vurğulanır.
Martın 11-dən 15-dək Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri baş tutub.
Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. **
f.İsazadə