1 fevral 2019-cu il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 557,2 manat (cari məzənnə ilə $327,8 - İF) təşkil edir ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 7,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya, rabitə, peşə, elmi və texniki fəaliyyət, nəqliyyat, anbar təsərrüfatı və tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2019-cu il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 523,8 min nəfər olub ki, bu da 2018-ci ilin əvvəlinə olan göstəricidən 1% çoxdur. Onlardan 862,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,9%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, 6,6%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2018-ci ildə Azərbaycanda orta aylıq nominal əmək haqqının artımı 3% təşkil edib. **
F.İsazadə