“Özbəkistan Hava Yolları” aviaşirkəti 2019-cu ilin aprel ayından Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftəlik reyslərin sayını 2-dən 3-ə çatdıracaq. Bu barədə aviaşirkətin Bakı nümayəndəliyinin rəhbəri Abduqofar Rəcəbov məlumat verib.
“Bu ilin aprel ayından biz Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşların sayını həftədə 2-dən 3-dək artıracağıq. 2019-cu ildə bu marşrut üzrə cəmi 132 reys yerinə yetiriləcək”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Hazırda “Özbəkistan Hava Yolları” cümə axşamı və bazar günləri Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir.
“Apreldən etibarən uçuşlar çərşənbə axşamı günləri də həyata keçiriləcək”, - deyə o əlavə edib.
“Özbəkistan Hava Yolları” aviaşirkəti 2018-ci ildə Daşkənd-Bakı aviareysi ilə 28,693 min sərnişin daşıyıb ki, bu da 2017-ci ilin göstəricisindən 5,2% çoxdur.*
F.İsazadə