Prezident İlham Əliyev Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin baş naziri Casinda Ardernə başsağlığı verib.
“Hörmətli xanım baş nazir,
Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.
Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.*
F.İsazadə