“Fitch Ratings" beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini BB+ səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin məlumatında deyilir.
“Reytinqin təsdiqlənməsi CQD-nin Azərbaycan hökumətinin tam zəmanəti ilə buraxılan və tədavülü 2026-cı ildə başa çatacaq $2 mlrd. dəyərində olan avrobondları (avrobondların 2 emissiyası çərçivəsində) üzrə “Fitch”in dəyişməz rəyini əks etdirir. Reytinqə əsasən Azərbaycan istiqraz sahiblərinə verilmiş zəmanətləri tam və vaxtında yerinə yetirməyi öhdəsinə götürüb”, - deyə məlumatda bildirilir.
“Fitch” qeyd edir ki, Azərbaycan zəmanətlərinin icrası üçün 2016-2018-ci illərdə dövlət büdcəsində ehtiyatlar nəzərdə tutub və agentlik bu tendensiyanın 2019-cu ildə də davam edəcəyini gözləyir.
“Fitch” CQD rəhbərliyinin proqnozlarına istinadən bildirir ki, 2019-2020-ci illərdə CQD-nin əməliyyat və əsaslı xərcləri üçün maliyyə ehtiyacları təxminən $700 mln. təşkil edəcək.
Agentliyin məlumatına görə, CQD layihəsi kredit və dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. 2018-ci ilin sonuna CQD-nin borcunun 38%-ni ARDNF-in istiqrazları, 32%-ni beynəlxalq maliyyə institutlarının kredit və təminatları, 30%-ni isə avro ilə istiqrazlar təşkil edib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır. Hazırda 7 ölkə bu layihəyə qoşulub.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
Ə.Məmmədov